Atif Eyvazov/AZADİNFORM. Bu gün Baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlını qəbul edib. Bu barədə məlumatı AZADİNFORM-a Baş Prokurorluğun mətbuat xidmətindən veriblər.
Z.Qaralov prokurorluq orqanları ilə hüquq müdafiəçiləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Baş prokuror bu əlaqələrin insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini vurğulayıb. Ölkə prezidentinin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarının cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verən Baş prokuror ötən illər ərzində qanunazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Hüquq müdafiəçiləri qarşılıqlı səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatlar və görülən işləri təqdirəlayiq hesab etməklə, təmsil etdikləri qurumun insan haqlarının müdafiəsi sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Hüquq müdafiəçiləri onları maraqlandıran bir sıra məsələlər, o cümlədən Monitorinq Qrupuna daxil olmuş müraciətləri Baş prokurorun nəzərinə çatdırıblar.
Z.qaralov öz növbəsində həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.
Qəbulda vətəndaşların hüquqlarının qorunması sahəsində əməkdaşlığa dair təkliflər irəli sürülüb, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.