Amid İsbəndərov/AZADİNFORM. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunan iclas keçirilib. Komitədən AZADİNFORM-a verilən məlumata görə, iclasda çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, bu ilin ilk 6 ayında dövlət əmlakının səmərəli idarə edilməsi, qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi sahələrində bir sıra zəruri işlər görülüb. Komitə sədri qeyd edib ki, bu işlər ölkə prezidentinin təsdiq etdiyi və uğurla icra olunan digər sosial-iqtisadi inkişaf proqramları, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə sıx əlaqəli şəkildə həyata keçirilib.
Bildirib ki, Prezidentin 19 may 2009-cu il tarixli müvafiq Sərəncamına əsasən, dövlət əmlakının özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması və ünvan reyestrinin yaradılması sahələrində səmərəliliyinin artırılması məqsədi ilə bir sıra beynəlxalq təşkliatlar, o cümlədən Dünya Bankı, Almaniyanın KfW Bankı ilə birgə aidiyyəti tədbirlər həyata keçirilib. “Bu ilin birinci yarısında 360 kiçik müəssisə və obyekt özəlləşdirilib. Bunların 201-i Bakıda, 80-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. 2010-cu ilin birinci yarısında 260 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyəti yaradılıb. Səhmlərin satışı üzrə keçirilmiş 30-a yaxın hərracda 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb. Hesabat dövründə 3 səhmdar cəmiyyətinin (“Məişət Malları”, “Biləsuvar Quşçuluq” və “Masallı Konserv”) səhmlərinin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsi həyata keçirilib və müsabiqələrin qalibi müəyyən edilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 70-ə yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dididendlər ödənilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2010-cu ilin yanvar-iyun aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 18,9 mln. manat məbləğində investisiya qoyulub”,-deyə K.Həsənov vurğulayıb.
K.Həsənov cari ilin birinci yarısında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 2 müəssisə (“Gəncə Dəyirman” ASC və “Bakı Ağırlaşdırıcılar” ASC) üzrə mülkiyyət hüququ alıcılara keçdiyini söyləyib.
İclasda qeyd olunub ki, hesabat dövründə səhmləri dövlətə məxsus “Azərboru” ASC və “Bakıelektriktökmə” ASC-nin təqdim etdikləri özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya proqramlarına baxılmış və müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb.
Dostuna Göndər
Çap Et