YUNESKO-nun Baş direktoru Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Bayram Niftəliyev/AZADİNFORM. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun Baş direktoru xanım İrina Bokova Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar. AZADİNFORM xəbər verir ki,  YUNESKO-nun baş direktoruna dənizkənarı Milli Parkda yerləşən Mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Qeyd olunub ki, 2005-ci ilin avqustunda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzinin ümumi sahəsi 7,5 min kvadratmetrdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.

Mərkəzlə yaxından tanış olan qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb və ona milli musiqi alətləri barədə ətraflı məlumat verilib.

Xanım İ.Bokova və Mehriban xanım Əliyeva gənc xanəndələrin ifasında Azərbaycanın muğam, təsnif və xalq mahnılarını dinləyiblər.

Sonra Mehriban xanım Əliyeva və xanım İ.Bokova Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşa olunduğu ərazidə olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə məlumat verib.

Bildirib ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcək.

Dostuna Göndər Dostuna Göndər Çap Et Çap Et
Arxiv
Reklamlar















Free WordPress Themes