Atif Eyvazov/AZADİNFORM. “Coca-Cola İçecek” şirkətinin Bakıdakı ofisini ziyarət edən Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan şirkətin yeni məhsulunun təqdimat mərasimində iştirak edib. AZADİNFORM xəbər verir ki, Azərbaycandakı ən böyük türk yatırımlarından biri olan “Coca-Cola İçecek” şirkətinin illik istehsal gücü 300 mln. litrə olub. “Coca-Cola İçecek” şirkəti 100 mln. dollarlıq yatırımla Azərbaycandakı ən böyük yatırımlardan biridir.
Zəfər Çağlayanla birlikdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc və digər yüksəkvəzifəli məmurlar “Coca-Cola İçecek” şirkətinin Bakı ofisini ziyarət ediblər.
Mərkəzi Türkiyə olmaqla, Pakistan, Orta Asiya və Orta Şərqin 10 ölkəsində 20 fabriklə 350 mln. insana xidmət etdiklərini bildirən “Coca-Cola İçecek”in Beynəlxalq əməliyyatlar rəhbəri Hüseyn Akın Azərbaycanla aralarında tarixi kökləri olan dostluq əlaqələri olduğunu vurğulayıb. “Bu dostluğu uğurlu yatırımlarla biznes dünyasına da daşıyaraq daha da gücləndirməyə çalışırıq. Keçmişdən gələn dostluğumuz bu yatırımlarla daha güclü olacaq”,-deyə H. Akın vurğulayıb.
Orta Asiyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərdiklərini vurğulayan Coca-Cola Azərbaycanın baş müdiri Lisani Atasayan neft sektoru xaricində Azərbaycandakı ən böyük sərmayəçilərdən biri olduqlarını söyləyib.
Qeyd edək ki, “Coca-Cola İçəcək” şirkəti 1994-cü ildə qurulub və Azərbaycanda The Coca-Cola Company markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirən “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətində 99,86% paya sahibdir.
ACCB Azərbaycanda 300 mln. litrə istehsal gücü ilə 9 mln. əhaliyə xidmət etməkdədir. “Coca-Cola İçecek” istehsalçılara 8 fərqli marka (Coca-Cola, Coca-Cola Light, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) təqdim edir.
Bu günə qədər Azərbaycanda qoyulan yatırım 100 mln. dollara çatıb.