“Şirvan 2” kran gəmisinin əsaslı təmiri başa çatıb

Tural İbadlı İnfrastruktur 22 noyabr 2021
0
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Şirvan 2” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumatv verilib.
Məlumata görə, gəminin təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodu və Xəzər Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasının əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.
Təmir müddətində gəmi mexanizmləri, baş mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb. Bununla belə, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də yerinə yetirilib.
“Şirvan 2” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.
İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Beləliklə, gəmi yenidən istismara qaytarılıb.
“Şirvan 2” kran gəmisinin uzunluğu 98,55, eni 17 metrdir. Gəmi 2×2400 at gücünə malik baş mühərriklərlə təchiz olunub.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930