“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1,819 milyon manat xalis zərərlə başa vurub.
“NewsCafe” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 30% azdır.
2020-ci ildə AzTV-nin gəlirləri 34,369 milyon manat (2019-cu illə müqayisədə 0,4% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 33,983 milyon manat (3,2% çox), birja əməliyyatlarından gəlirləri 385 min manat (28,8% az), sair əməliyyat gəlirləri isə 2 min manat (414 dəfə az) təşkil edib.
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,163 milyon manat (1,6% az), o cümlədən sərf etdiyi materialların dəyəri 698 min manat (31,4% az), əmək haqqı xərcləri 20,574 milyon manat (8,2% çox), amortizasiya xərcləri 4,524 milyon manat (6,7% az), sair əməliyyat xərcləri isə 10,366 milyon manat (12,6% az) təşkil edib.
2020-ci ildə AzTV 25 min manat mənfəət vergisi ödəyib ki, bu da 2019-cu illə müqayisədə 3,7 dəfə azdır.
2021-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24,187 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 58,8% azalaraq 1,052 milyon manata, balans kapitalı isə 7,3% azalaraq 23,135 milyon manata düşüb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.