Tahir Kərimli Ramiz Mehdiyevə səsləndi: "Bəsdir də, adamın gözü doyar da..."

Tural İbadlı Maraqlı 11 fevral 2022
0
"Söz-söhbətdən, intriqadan həmişə kənar durmağa çalışmışam, ona görə də populyarlaşmaq üçün televiziyalarda çıxış etmək, geniş açıqlamalar vərməkdən yayınmışam. Hətta Ramiz Mehdiyevlə bağlı elə vəziyyət yarandı ki, dedilər, yəqin Tahir Kərimli onun adamıdır. Yəni, vəziyyət bu dərəcəyə gəlib. İndi isə kiçik bir "ekskursiya" ilə söhbətimə başlamaq istəyirəm. Belə ki, mən vaxtilə Ağsuda, Şamaxıda seçkilərdə iştirak edərək əhəmiyyətli dərəcədə səs toplamağıma baxmayaraq, məni həmişə uduzdururdular. Bunun başında isə Ramiz Mehdiyevin durduğu görünürdü. Ona görə də təbii olaraq, məndə narazılıq yaranmışdı, çünki Ramiz Mehdiyev bu sistemin əsas ideoloqlarından biri idi. Deputat seçildikdən sonra isə Ramiz Mehdiyevi bir neçə dəfə tədbirlərdə gördüm və açığı, onun ağır təbiətli adam olması diqqətimi çəkdi. Müşahidə etdim ki, nəinki nazirlər, hətta ondan da böyük səlahiyyətə sahib şəxslər Ramiz Mehdiyevin hüzurunda "farağat" dayanıblar. Diqqətimi çəkdi ki, o, buna necə nail olub?! Ondan sonra Ramiz Mehdiyevin "İnkişafımızın Azərbaycan modeli" konsepsiyasına daha çox diqqət ayırdım. Mən də istəyirdim ki, misal üçün, Sinqapurun öz inkişaf modeli olduğu kimi, Azərbaycan da özünəməxsus modelə sahib olsun. Yəni, Ramiz Mehdiyev hələ o vaxtdan da başqa ideoloji sahələrdə olsa da, məndə Azərbaycanın inkişafı naminə qeyri-ixtiyari ümid formalaşdı. Təəssüf ki, sonra Ramiz Mehdiyevin işi dəyişdi, daha aşağı vəzifəyə təyinat aldı. Yəni, təsiri müəyyən qədər azaldı. Mən də aşağı düşən, yıxılan adama balta vurmağı heç vaxt istəməmişəm. İndi isə bu adam bizə "avtobus" və "cib" müxalifəti deyir. Qeyd edir ki, əsl müxalifət simasını dəyişmir. Hörmətli Ramiz müəllimə hörmətlə xatırlatma edirəm: Axı bu gün əsl müxalifət dedikləri AXCP və Müsavatı siz parlamentdə təmsil edəndə onlara "cib" müxalifəti və ya reqlamentləşdirilmiş müxalifət adlandırılırdı. Bütün bunların başında duranlardan biri də elə məhz Ramiz Mehdiyev idi. İndi Ramiz müəllimin təbiricə desək, həmin adamlar əsl müxalifətə çevriliblər?! İndi biz də keçək Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin xanımın yanında oturaq?! Bizə bunu təklif edirsiz? Ramiz müəllim, axı siz bilirsiz ki, onların məqsədi hakimiyyəti devirməkdir. İndi biz onların tərəfinə keçərək hakimiyyəti devirmək istəyinə şərik olaq?!".
"NewsCafe" xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib: "Mənim deputat olmaqda məqsədim özümə var-dövlət yığmaq, böyük vəzifələr əldə etmək olmayıb. İstəmişəm ki, xalqımın seçiminə layiq olum, ən uzağı öz ailəmi yaxşı dolandırım. On illərlə düşünmüşəm ki, liderin öz övladları olmaz. Sonra isə gördüm ki, övladlarım da, elə qohum-əqrəbam da batıb gedir. Yəni, haram dalıyca düşməmişəm. Ramiz müəllim, mənim günahım nədir ki, avtobusa minib Ağdama, Şuşaya getmişəm?! Məgər bu, pis işdir?! Sizin əsl müxalifət adlandırdığınız avtobusa minib Qarabağa getsəydi, onlara pis deməyəcəkdilər. Onda biz də sizin əsl müxalifətinizə "fərari" müxalifət və ya "təyyarə" müxtəlifəti deyək. Vaxtilə biri qaçıb Naxçıvanın kəndinə, çoxları da Avropaya getdi. Belə yaramaz, belə münasibət olmaz! Biz bilirik ki, iqtidarın da, müxalifətin də içində yaxşılar da, pislər də olur. Başa düşmürəm, həyatda mənim günahım nədən ibarətdir?! Allah şahiddir ki, parlamentdə həm xalqımızın, həm də dövlətimizin istəklərini gücüm çatan qədər dilə gətirirəm. Ölkədə mənfi kadr siyasətini dayandırmaq lazımdır. Çıxış yolu budur. Məsələn, SOCAR-ın prezidentini azad edirlər, sonra başqa işə keçirirlər. Yəni, hələlik bu yolla nizamlama aparılır, güc buna çatır. Amma kadr islahatları aparılır axı və aparılmalıdır. Dünya dəyişir, cəmiyyətlər dəyişir. Lap tutaq ki, Azərbaycan cəmiyyəti dəyişmir, avam vəziyyətdə qalıb. Hətta belə olan halda da, bizim xalqa yazığımız gəlməlidir. Biz xalqa dürüst rəhbərlik etməli, onların haqqının müdafiəsinə qalxmalıyıq. Xalqın bizə vermək üçün məhəbbət və nifrətdən başqa heç nəyi yoxdur. Ramiz müəllim də bizə cürbəcür epitetlər qoyur, aşağılayır. Biz məgər çox günah sahibiyik?! Hörmətli Ramiz müəllim, baxmayaraq ki, mən sizdən yaşca çox kiçiyəm, amma bunu deməliyəm: lap elə mən özüm də, gəlin gedək. Əgər bacarmırıqsa, xalqımızı daha yaxşı yaşada bilmiriksə, qiymətləri qaldırıb xalqın var-dövlətini talayacağıqsa... Olmaz belə. Bəsdir də, adamın gözü doyar da. Ona görə də, qardaşım, mən sənə hörmətlə deyirəm ki, üzüsulu, urvatlı şəkildə gərək vəzifədən getməyi də bacaraq. Əgər siz istefa verəndən sonra sizə qarşı hansısa hərəkat olacağından qorxursunuzsa, gedin Prezidentin yanına, təhlükəsizliyinizə təminat alın. Xahiş edirəm, dövlətimizin və xalqımızın istəklərinə naminə istefa verin!"
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28