Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib.
FED.az xəbər verir ki, sahibkarlar müraciətdə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin qəbul edilməsini və müvafiq qurumların onlara dəstək olmaqlarını istəyiblər.
Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını bildiriblər.
Müraciətdə bildirilir ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyərinin durmadan yüksəlməsi nəticəsində Azərbaycanda və region ölkələrində son aylar qiymətlər ciddi şəkildə artmaqdadır. Hazırkı şəraitdə Azərbaycanda qiymət artımının olmadığı nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir.
Şirkətlər bildirir ki, Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurası tərəfindən müəyyən edilən ictimai nəqliyyatda gediş haqqı artırılmayıb: «Bununla belə ictimai nəqliyyat sahəsindəki qurumların xərcləri kifayət qədər artıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son 2-3 ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb".
Məsələ ilə bağlı FED.az-a açıqlama verən «Ayşən LTD» MMC-nin rəhbəri İradə Əliyeva bildirib ki, hazırda nəqliyyat şirkətləri ağır vəziyyətdədir.
Onun sözlərinə görə, indiki iqtisadi vəziyyətlə müqayisə edəndə ictimai nəqliyyat ödənişi çox aşağı səviyyədədir:
“Yerli idarəedici orqanlardan həmişə diqqət görmüşəm. Lakin yaxşı olar ki, dövlət dəstəyi bir az da artırılsın. Həm kreditin əldə edilməsi, həm gediş qiymətləri artırılsın. Çünki bu gün qiymətlər çox aşağı səviyyədədir. Avtobusların gətirilməsi ilə bağlı ciddi tələblər var. Bu tələblərə əsasən ölkəyə gətirilən avrobusların qiyməti 120 – 150 min avro ətrafındadır. Bu da yüksək qiymətdir, buna baxanda bugünkü gediş ödənişinin aşağı qiymətdə olduğunu düşünürəm. O qiymətlə 150 min avroluq avtobusu gətirmək çətindir. Bu, həm də sahibkar üçün böyük risk deməkdir».
Şirkətlər qiymət artımı ilə bağlı qonşu ölkələrdəki vəziyyəti xatırladırlar: «2022-ci ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqı dəyəri artıb. Belə ki, Türkiyənin Ankara şəhərində ictimai nəqliyyat xidməti 44 faiz, Gürcüstanda 2 dəfə, İranın Təbriz şəhərində 30 faiz, Rusiya paytaxtında isə 15 faiz nisbətində artırılıb».
Daha bir nəqliyyat şirkəti «Çinar Trans» MMC-nin nümayəndəsi İsmayıl Hüseynov da FED.az-a açıqlamasında hazırki gediş haqqının nəqliyyat şirkətləri üçün çətinlik yaratdığını bildirib.
İ.Hüseynov bildirib ki, bu gün daşımalarda tətbiq edilən 30 qəpiklik gediş haqqı yalnız yanacaq və sürücünün əmək haqqını ödəməyə kifayət edir: «Nəqliyyatın ehtiyat hissəsini almağa isə pul qalmır. Buna görə də maşınları tam saz saxlaya bilmirik, çünki günbəgün maddi cəhətdən geriyə gedirik. Gediş haqqı məncə, 50 qəpik olmalıdır. Gediş haqqı artırılsa dövlətin kompensasiyasına ehtiyac qalmaz».
Şirkət rəhbəri gediş haqqının azlığı ilə yanaşı, nəqliyyatın sığortalanmasındakı problemləri qeyd edib: «Bu gün sığorta ilə bağlı çox ciddi problemlərimiz var. Gündə 17-18 saat xətdə olan avtobusda hadisənin olmaması mümkünsüzdür. Hadisəyə görə də cərimə (malus balları) yığılır. Ümumiyyətlə sığorta şirkətlərinin 90%-i maşını sığortalamır, sığortalayanda da 1 maşının sığortası təqribən 720 manata başa gəlir. Bu isə çox yüksək məbləğdir. Biz maşınları Türkiyədən 400 min manata yaxın qiymətə gətiririk. Hazırda balansımızda 241 ədəd maşın var. Hazırki gediş haqqı ilə bu maşınları normal saxlamaq çox çətindir".
Qeyd edək ki, şirkətlərin hesablamalarına görə, tələblərə əməl etmək və zərərlə işləməmək üçün gediş haqqı indiki 30 qəpikdən 45-50 qəpiyədək artırılmalıdır. Bəzi şirkətlərin hesablamalarında isə gediş haqqının maya dəyəri 80 qəpiyədək yüksəlir.
Bakıda sərnişin daşıma ilə məşğul olan iri şirkətlərdən biri – "Xaliq Faiqoğlu" da hökumətə müraciət edənlər arasındadır. Şirkətdən FED.az-a bildirilib ki, indiki gediş haqqı avtobus şirkətləri üçün qətiyyən əlverişli deyil, şirkətlərin istismar və digər xərclərini nəzərə alanda bir sərnişinin daşımasına sərf edilən vəsait – maya dəyəri gediş haqqını üstələyir. «Şirkət hökumətin tələb etdiyi, müasir, avropa istehsalı olan avtobusları gətiribsə və onlarla işləyirsə, indiki gediş haqqı xərcləri qarşılamır, köhnə, istismara yararsz avtobuslarla xidmət bəlkə də sərfəli ola bilər, amma standartlara uyğun avtobğuslarda xərclər qa-qat yüksəkdir». Üstəlik, şirkətlər avtobusların alınması üçün byöük kreditlər götürüb və onları qaytarmaq üçün də ödənişlər edirlər, bu da son nəticədə şirkətlərin xərclərini artırır.
Belə halda bəzi şirkətlərdə sərnişinin daşınması üçün maya dəyəri 80 qəpiyə qədər yüksəlir.
Şirkətdən FED.az-a bildirilib ki, vəziyyətdən çıxmaq üçün gediş haqqı artırılmalı və ya nəqliyyat şirkətlərinə kompensasiya evrilməlidir.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti də avtobusları Azərbaycana 200 min avroya və ya 400 min manata gətirir. Sonuncu dəfə Türkiyədən 50 ədəd belə avtobus alınıb.
Sərnişin daşıma şirkətləri bildirir ki, bir çox ölkələrdə ictimai nəqliyyat dövlət dotasiyası hesabına fəaliyyət göstərir. Azərbaycanda isə Bakı Metropoliteni və 2015-ci ildən fəaliyyət göstərən “Bakubus” MMC-ni çıxmaq şərtilə özəl şirkətlər heç bir dəstək almamaqla yanaşı, bahalaşan şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətindədir.
Bununla əlaqədar olaraq sərnişindaşıma fəaliyyəti göstərən özəl şirkətlər dövlət qurumlarına zərərin qarşılanması ilə bağlı müraciət ünvanlayaraq, Tarif Şurasına da gediş haqqının artırılması ilə bağlı müraciət ediblər.