Yağı düşməndən Vətəni qorumağın izi sizdən keçir

Tural İbadlı Daxili xəbərlər 06 noyabr 2020
0

 #ƏsgərNamə
Bu ad mənə Vətən qədər tanış və Ana təki doğmadır. Amma indiki mövqedə səslənişi bir az fərqli və bir az da yaddır. 
Mən də bir zamanlar əsgər idim. Özü də Azərbaycan əsgəri. Müsəlləh. 
Vətənin sərhədlərinin keşiyini çəkirdim. Əlbəttə, ciddiyyət və məsuliyyətimlə.
Lakin sənin kimi Odlar Yurduna tam layiqli xidmət edə və müştaq olduğumuz sarkal amalı yerinə yetirə bilmirdim. Müqəddəs yurd üçün alışıb-yana, zümrüd quşu kimi “külündən yenidən var olmaq” nəsibim olmadı. Əsgər olanda mən gündəlik, sən isə tarix yazırsan.
Bizim dövrün əsgərləri ruhən məğrur olsalar da cismən məğlub idilər. Sən sözün əsl mənasında, bütövlükdə qalibsən.
Buna görə də sən və məni yalnız bir söz ayırdı. Müzəffər.
Bu qanlı və şanlı kəlmə hər əsgərin alın yazısı olmur.
Rəşadətli Azərbaycan Ordusunun və qətiyyətli Ali Baş Komandanımızın zəfər cəngini çalmaqla xalqın gözündə parladın, qəlbində taxt-tac qurdun. Qələbəyə müvəffəq məhz sən oldun. Dünyada ədalət və sülhün carçısısına - simvoluna çevrildin.
Sən mənə doğma olan “Vətən sərhəddən başlayır” kəlməsininin mahiyyətini zənginləşdirdin. Xudafərinə bayraq dikdin.
İki yüz ildir “alnı açıq - başı dik” həsrət çayımız Arazın bu tərəfindən o tərəfinə, son otuz ilə yaxındır o tərəfindən bu tərəfinə baxa bilmirdik - qəm-qüssə, xəcalət çəkirdik. Sən buna son qoydun.
Hələ-hələ təcavüzkar dövlətlə Qarabağ sərhədlərimizə də üç rəngli bayraqla boyanmış sərhəd nişanını sancmaq da sənin şərəfli adına həkk olacaqdır...
Bundan belə, nəinki keçmişdəkilər, gələcək nəsillərdə sənin sıranda - arxanda olacaq. Özü də “Distansiya bir cızıqda”!
Axı, qəsbkarlardan azad olunmuş torpaqlarımızın yolu səndən başlayır - yağı düşməndən Vətəni qorumağın izi səndən keçir. 
 
Məhz buna görə səninlə qürur duyur və Sənə qibtə edirik.
 
Əziz Qardaşım!
 
Atadan ögey olsaqda eyni Ananın bətnində dünyaya gəldiyimizə görə sənin möhtəşəm uğuruna öz nailiyyətim qədər sevinirəm, fərəhlənirəm.
Nə olsun ki, Ata adımızı soranda Azərbaycan türkü, axısqa türkü, yəhudi, malakan deyə cavab veririk: axı bunlar fövqündə ecazkar-füsünkar bir ilahi varlıq dayanır. ANA VƏTƏN.
Bu Ana bizə süd verib, layla çalıb, nəvaziş göstərib, boya-başa çatdırıb. Hətta bizi döyəndə belə onun ətəyindən yapışmışıq, ona sığınmışıq,  yardımı ondan ummuşuq.
Nə yaxşı ki, bizi birləşdirən müqəddəs Ana Vətənimiz vardır.
O Ana Vətən ki, şərəfli-şöhrətli adı dəyişməyəcək qalibiyyət diyarı AZƏRBAYCANDIR!
 
Sonda, əvvəla necəsən sualını vermədiyimi soruşsan deyim ki, sən ölümsüzlük şərbətini içmisən! 
Haqq yolunda savaşan Allah bəndəsini, Vətən mücadiləsi edən Tanrı qulunu elə özü öz dərgahında qoruyar.
 
#ArxaDaşın 
Yəhya Babanlı
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30