Ekspert: Azərbaycanda olan əksər mobil tətbiqlərin mülkiyyətçisi düzgün qeyd edilməyib

Tural İbadlı HiTech 08 sentyabr 2021
Tanınmış İKT eksperti Elvin Abbasov dövlət qurumlarına aid xidmətlərin mobil tətbiqləri ilə bağlı hesabat hazırlayıb.
Ekspertin “NewsCafe”yə verdiyi açıqlamaya görə, heç bir reyestr olmadığı üçün hesabatın hazırlanmasında açıq internet resurslarından istifadə edilib.
İlkin hesablamalara görə, bu sahədə ölkəmizdə 30-a yaxın mobil tətbiq var.
Onlar aşağıdakılardır.
"KOB növbə" ( KOBİA )
"Asan növbə" ( ASAN )
"Asan Müraciət" ( ASAN )
"MyGov" ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
"eAgro" ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
"Asan ödəniş" ( Elektron Hökumətin İnkişafı Mərkəzi )
"Hökumət Ödəniş Portalı" ( Azərbaycan Respublikasi Mərkəzi Bankı )
"Elektron Səhiyyə" ( Azərbaycan Respublikası Səhiyyə Nazirliyi )
"SmartPay" ( Məlumat Hesablama Mərkəzi )
"e-Tebib" ( Məlumat Hesablama Mərkəzi )
"e-Sosial" ( Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi )
"Azemis" Elektron Məhkəmə İnformasiya sistemi ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi )
"Mobil Notariat" ( Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi )
"Smart Customs" ( Dövlət Gömrük Komitəsi )
"Dövlət Gömrük Komitəsi" ( Dövlət Gömrük Komitəsi )
"DYP Cərimə Öyrən" ( Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi )
"MigAz" ( Dövlət Miqrasiya Xidməti )
"E-Tapsiriq" ( Azərbaycan Respublikası Təhsil Nazirliyi )
"e-TAİM" ( Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi )
"Elektron Əmlak" ( Əmlak Məsələləri Dövlət Xidməti )
"ƏMDK - İTMİM" ( Əmlak Məsələləri Dövlət Xidməti )
"Baku Transport - BakuBus və Xalq Faiqoğlu" ( BakuBus )
"AZAL Mobile - ( Azərbaycan Hava Yolları )
"Avtovagzal - Bus Tickets" ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi )
"Baku Metro" ( Bakı Metropoliteni )
"Azərişıq" ( Azərişıq )
"Azərsu" ( Azərsu )
"AzNav" ( Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti )
“Tətbiqlərin mülkiyyətçisinə aidiyyəti qurumların adlarının qeyd edilməsinə baxmayaraq bir neçə mobil əlavədən başqa heç bir tətbiqin mülkiyyətçisi düzgün qeyd olunmayıb. Belə ki, fərdi adlar və hüquqi şirkətin adları mülkiyyətçi kimi qeyd edilib və ya qeyri-müəyyən formada qeydlər edilib. Dövlət investisiyası vasitəsi ilə yaradılan və qurumların balansında olması tələb olunan bu qeyri-maddi aktivlərin mülkiyyətçilərinin düzgün qeyd olunmaması gələcəkdə şəxslər və şirkətlər tərəfindən mənimsənməyə yol aça bilər.
Siyahıdan məlum olduğu kimi 3 dövlət investisiyası hesabına yaradılmış ödəniş sistemi var. Bu istiqamətdə ilk mandatlı qurum Azərbaycan Mərkəzi Bankı (AMB) olub. Kommunal və nəqliyyat vasitələri üzrə yaradılan tətbiqləri qənaətbəxş hesab etmirəm. Əlavə olaraq qeyd edim ki, bir çox qurumlara aid faktiki olaraq fəaliyyət göstərməyən, həmçinin Qanun Məcəllələrini əks etdirən məlumatlandırıcı tətbiqləri siyahıya qeyd etmədim. Bu siyahıdakı tətbiqlərin də əksər hissələri məlumatverici xarakterlidir. Funksional qisimləri qurumun tək bir xidmətinin çox az hissəsini əhatə etməsinə baxmayaraq müasir dizayn standartlarına uyğun və başa düşülən deyil. Bir neçəsini çıxmaq şərti ilə, mobil tətbiqlər üzərindən qurumların verdiyi elektron xidmətlər müasir tələblərə cavab vermir”.
E.Abbasov “Elektron hökumət və “Mobil hökumət” anlayışlarına da aydınlıq gətirib:
“Elektron Hökumət və Mobil Hökumət anlayışı nədir? Qurumların xidmətlərini ənənəvi üsuldan elektron müstəviyə keçirməsi, həmçinin onları bir çətir altında toplaması və vətəndaşlara vahid platforma üzərindən xidmət verməsidir. Qurumların xidmətləri və iş prosesləri elektron müstəviyə keçmədən “Rəqəmsal Hökumət” qurula bilməz, həmçinin də “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konseptləri də tamamlana bilməz.
Soruşa bilərsiniz ki, “Mobil hökumət”in əhəmiyyəti nədən ibarətdir? Nəzərə alsaq ki, əhalinin əksər böyük hissəsi ağıllı telefon və planşetlərdən istifadə edir, PC və Noutbuklar peşəkar iş mühitində aktual olsa da, sıravi insanların günlük həyatında o qədər də intensiv istifadə olunmur. Bu prizmalardan yola çıxaraq əhalinin “Mobil hökumət” vasitəsi ilə elektron xidmət alması gələcəkdə daha aktual olacaq. Əlbəttə bu addımlar mərhələli şəkildə olmalıdır. Hər bir halda bu gün dövlət investisiyası ilə yaradılan elektron xidmətlər gələcək üçün də hesablanmalıdır.
Xidmətlərin elektron müstəviyə keçməsi üçün qurumların İT infrastrukturu müasir standartlara cavab verməlidir. Qurumlararası məlumat mübadiləsinin elektron müstəviyə keçməsi zəruridir. İKT üzrə vahid standartlar bütün qurumlarda eyni ilə tətbiq olunmalıdır.
Qurumlararası İKT üzrə vahid standartlar tətbiq olunmur. Həmçinin elektron məlumat mübadiləsi zamanı gələn məlumatların arasında bir çox halda aydın olmayan və ya boş gələn məlumatlar həddən artıq çoxdur. "Mərkəzləşdirilmiş məlumat bazası" məsələsi üzrə daha öncə səs-küyünü eşitdiyimiz, amma əyani görmədiyimiz "ASAN Bridge" layihəsinin aqibətini bilmədiyim üçün şərh edə bilmirəm. Amma ölkəyə bu konsepsiyada bir layihənin zərurəti “Rəqəmsal hökumət” üçün çox əhəmiyyətlidir. Çünki qurumlar nədənsə məlumatları özəlləşdiriblər, paylaşmaq istəmirlər və hər dəfə yeni layihə yaradılarkən digər qurumlardan gələn məlumatlar üçün o quruma müraciət olunur. Bu məsələnin həlli mərkəzləşdirilmiş məlumat bazasının olması, hər bir qurum məlumatları o mərkəzə elektron formada göndərməli və yeni yaradılacaq layihələrin də tək bir mərkəzdən bütün qurumlara aid məlumatları alması optimallığı təmin edəcək. Həmçinin də yeni yaradılacaq layihələrdə servislə gələn məlumatlar əsasında emal olunan, yenilənən və ya təsdiqlənən məlumatlar həmin mərkəzə servis vasitəsi ilə qaytarılmalıdır. Bu məlumatlar (servislərin) podratçı şirkətlərə verilə bilər və ya bilməz məsələsini isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin, "Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsi" lisenziyası ilə cavablandırmaq olar. Bu lisenziyaya sahib olan şirkətlər icra etdikləri dövlət layihələrində digər qurumlardan gələn məlumatların sevislərini əldə etməkdə çox çətinlik çəkir və sifarişci qurumda əlavə kargüzarlıq yaradır. Texniki tapşırıqda tələb qoyulan bütün servislər şirkətə mərkəzləşdirilmiş bazadan təmin edilməlidir.
Adminstrativ problemlər nələrdir ? Layihələrin uğursuz olmasındakı əsas səbəblərdən biri də yaradılacaq olan layihərin qurumlarda İT biliyi olmayan şəxslərin nəzarətində ( kurasiyasında ) olmasıdır. Bu səriştəsiz şəxslər heç bir müasir standartları nəzərə almadan məlumatsız olduqları bir sahədə dövlət qurumunun adından çıxış edərək layihələrin ərsəyə gəlməsinə maneə olacaq tələb və istəklər qoyaraq işi daha da çıxılmaz vəziyyətə gətirib çıxardır. Uİ/UX (Dizayn) məsələrində funksionallığın və data arxitekturasını nəzərə almadan qoyulan qeyri-peşəkar istəklər, aktuallığını itirmiş, istifadə olunmayan funksionallıqların tələb edilməsi və bir çox məsələ tək bir şəxsin hegemoniyasında cəmləşir. Layihələrə start alarkən, Biznes Analitik və Biznes Donor olmadan sənəd xatirinə hazırlanmış texniki tapşırıqlar və ya texniki tapşırıq olmadan başlanan layihər əlbətdə ki, uğursuzluqla nəticələnməlidir.
Kommunal xidmətlər: Bu sahədə fəaliyyət göstərən, həmçinin ərazilərdə qurğuları olan dövlət qurumlarının ölkəmizin 4-cü sənaye inqilabına keçid mərhələsində olduğundan bixəbər olması da başqa bir problemdir. Bu sahədə satınalmaların intensivliyini gördükcə dövlət investisiyasının müasir olmayan qurğulara xərclənməsi və aktual olmayan texnologiyalarla iş aparması bir mütəxəssis olaraq məni narahat edir. Kommunal sahədə satış və xidmət ilə məşğul olan ( istehsal xaric ) dövlət qurumlarının hələ də vahid xidmət göstərməməsi bu sahədə avtomatlaşma prosesinin xərclərini bir neçə dəfə artıracaqdır.
Ekspert Rəyi: Dövlət qurumlarının yaratdığı "Mobil Tədbiqlər"-in hal-hazırki vəziyyəti qənaətbəxş deyil. Qurumlararası məlumat mübadiləsi mərkəzləşməyib, Servislər ilə gələn məlumatlar natamamdır. Ümumi ölkə üzrə vahid İT standartları və arxitekturası tədbiq olunmur. İKT üzrə keçirilən tenderlərdə lisenziyali şirkətlərin lisenziyasız şirkətlər ilə arasında fərq qoyulmur. Son olaraq İKT mühitinə aid olmayan şəxslər bu sahəyə cavabdehliyi İKT-nin düzgün inkişaf etməsini bloklayır”-deyə ekspert əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930