Prezident Səfər Mehdiyevə irad tutdu: "Kobudluq, hörmətsizlik göstərilir"

Tural İbadlı Daxili xəbərlər | Sosial 14 yanvar 2020
0
Prezident Səfər Mehdiyevə irad tutdu: "Kobudluq, hörmətsizlik göstərilir"
Xəbər verdiyimiz kimi yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə ölkə başçısı ilə yanaşı iclasın iştirakçısı olan bir sıra qurumların da rəhbərləri məruzə ediblər.
"NewsCafe" xəbər verir ki, Azərbaycan Prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin də məruzəsini dinləyib.
S.Mehdiyev 2019-cu ildə gömrük sahəsində aparılan islahatlar, şəffaflaşma prosesi və gömrük rüsumlarının yığımı ilə bağlı məlumat verib.
DGK sədrinin çıxışından sonra Prezident İlham Əliyev bu sahədə verdiyi tapşırılqarın icra edildiyini bildirib. Gömrük-keçid məntəqələrində rast gəlinən kobudluq hallarına da toxunan ölkə başçısı bu məsələlərin tezliklə aradan qaldırılmalı olduğunu tapşırıb.

"Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır. Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır"-deyə ölkə başçısı əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031