Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir”

Dağlıq Qarabağ münaqişəsi | Sosial 08 oktyabr 2020
0


"İndi söyləyirəm, erməni əsgəri Azərbaycan əsgəri qarşısında daha əyilə-əyilə gəzmir, artıq onlar iməkləyir, sürünür, yalvararaq imdad diləyirlər”.

“NewsCafe” xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında vaxtilə erməni əsgərlərinin səngərdə əyilə-əyilə gəzdiyini deməsilə gündəm olan Milli Məclisin deputatı Elman Nəsirov deyib.

"2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirəndə söyləmişdim ki, erməni əsgəri Azərbaycan əsgərindən qorxur və qorxudan əyilə-əyilə, beli bükük gəzir. Söyləmişdim ki, onlar günəşə həsrətdir. Bunun da yeganə səbəbi Azərbaycan Ordusunun gücü və qüdrətidir. Bu fikirlərimdən sonra bəziləri məni tənqid etməyə, hətta məsxərəyə qoymağa çalışdılar. Hətta belə fikirlər səsləndirirdilər ki, səngərdə əsgər onsuz da əyilməlidir. Guya, hansısa təhrif olunmuş fikir bildirmişəm.

Məni ittiham edənlər indi televiziya ekranlarından müasir səngərlərin nə qədər dərin olduğunu görür. Burada şəxsi heyətin hətta əyilmədən, düz yeriməsi də mümkündür. Nəticədə məni tənqid edənlər Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bir daha gördü. Azərbaycan Ordusu qarşısında tək erməni əsgəri yox, erməni silahlı qüvvələrin baş komandanı belə əyilir, diz çökür, yalvarır”.

Millət vəkili daha sonra bunları deyib: "Azərbaycan Prezidenti İlham Əliyev "Euronews”kanalına açıqlamasında qeyd etdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi atəşkəsin olması, danışıqların başlanması üçün yalvarır.

Yalvarırsa, deməli düşmən qarşımızda diz çökür. Ona görə də bir zamanlar dediyim həmin fikirlərimdə bir qədər dəyişiklik etmişəm. Aprel döyüşləri zamanı qeyd etmişdim ki, ermənilər Azərbaycan əsgərindən qorxaraq əyilə-əyilə gəzir. İndi isə söyləyirəm, erməni əsgəri Azərbaycan əsgəri qarşısında iməkləyir, sürünür, yalvararaq imdad diləyirlər”.

Deputat eyni zamanda məlum fikirlərinə görə onu tənqid edənlərə müraciət edib:

"Vaxtilə fikirlərimi təhrif edən, bu məsələyə lağlağa kimi baxanlar utansınlar ki, hərşeyin zamana ehtiyacı var. Bu günlər çoxsaylı insanlar yazaraq həmin zaman səhv etdiklərini etiraf edirlər. İndi hər kəsə tam aydındır ki, Azərbaycan Ordusu Rusiyadan sonra postsovet məkanında güc və potensialına görə ikinci yerdə dayanır”.

Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031